Bu ilin doqquz ayında Oğuz rayonunda bütün maliyyə mənbələri hesabına əsas kapitala 23 milyon 810 min manat həcmində investisiya yönəldilib. İnvestisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb. Əsas kapitala yönəldilən investisiyanın 98,9 faizi və ya 23 milyon 560 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.
FED.az xəbər verir ki, bu barədə Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, cari ilin ötən dövründə rayonun Kərimli kəndində fındıq emalı sexi, Calut kəndində ailəvi istirahət mərkəzi, Bucaq kəndində cücə istehsalı müəssisəsi tikilib istifadəyə verilib. Bundan əlavə, Bucaq kəndində 2016-cı ildə inşasına başlanılan tütün qurutma məntəqəsinin bir hissəsi tikilib istismara verilib və hazırda obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.
Bu müddət ərzində rayonun əhali təsərrüfatlarında ümumi dəyəri 4,2 milyon manat olan 157 fərdi yaşayış evi tikilib. Oğuz şəhərində iki körpələr evi-uşaq bağçasının tikintisi, Padar kənd tam orta məktəbində əsaslı təmir və bərpa-gücləndirmə işləri davam etdirilib. Oğuz şəhərinin 15 küçəsinə ümumilikdə, 14 min 250 kvadratmetr sahədə asfalt-beton örtüyü salınıb.
Ötən dövrdə rayonun Muxas kəndi ərazisində Daşağıl çayı üzərində 2013-cü ildə təməli qoyulan kiçik su elektrik stansiyalarının tikintisi işləri davam etdirilib.