Qarşıdan istirahət mövsümü gəlir və Azərbaycandan xaricə avtomobillə səfər edənlər avtomobillərinin xaricdəki sığortasını da düşünməlidirlər. FED.az xəbər verir ki, xaricə avtomobillə səyahət edənlər hazırda Azərbaycanın da üzv olduğu «Yaşıl kart» sistemi vasitəsilə öz məsuliyyətlərini sığortalya bilərlər.
Xarici ölkələrdə qüvvədə olan «Yaşıl kart» sistemi, avtomobillərin icbari sığortası kimi çalışır. Yəni Azəbaycan vətəndaşı xaricdə qəzaya yol verib başqasına zərər verərsə, bu sığorta onun vurduğu zərəri qarşılayır. Bu da avtomobil sahibini tanımadığı ölkədə əlavə problemlərdən və pul axtarmaq ehtiyacından azad edir.
Eləcə də bax: Şəxsi maşını ilə ilk dəfə Gürcüstan və Türkiyəyə gedənlərə - PULSUZ MƏSLƏHƏT
Sığorta mütəxəssisi Nicat Əlibəyli FED.az-a bildirib ki, «Yaşıl kart»ı azı bir aylığa almaq olar. Bu kartın, yəni avtomobilin sığortasının qiyməti səyahət edilən ölkələr və avtomobilin mühərrikinin həcminə görə dəyişir. Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələri misal göstərsək, Türkiyə və İrana səfər edənlər 1,5 litrlik mühərrikli avtomobilin bir aylıq «Yaşıl kart»ı üçün 15 manat ödəməlidirlər. 2 litrlik mühərrikli avtomobillərdə bu məbləğ 17 manat, 3,5 litrdə isə sığorta 25 manat təşkil edir.
Rusiya, Moldava və Ukrayna üçün isə qiymətlər nisbətən aşağıdır, məsələn, 1,5 litr 10 manat, 2 litr 12 manat, 3,5 litrlik mühərrik həcmli avtomobillər üçün aylıq ödəniş 20 manat tələb olunur.
«Yaşıl kartı» bütün dünya üzrə də almaq mümkündür. Bu zaman hansı ölkəyə səyahət etməsindən asılı olmayaraq vətəndaş törətdiyi bütün qəzalar və vurduğu zərərlərə görə sığorta dəstəyi alacaq. Dünya üzrə «Yaşıl kart» nisbətən bahadır və 1,5 lirtlik avtomobillər üçün aylıq 30 manata, 2 litrlik avtomobillər üçün 35 manat, 3,5 litrlik avtomobilər üçün isə 55 manat təşkil edir.
Maraqlıdır ki, azərbaycanlıların avtomobillə ən çox səyahət etdiyi Gürcüstan «Yaşıl kart» sisteminə qoşulmadığına görə, bu ölkəyə gedənkən «Yaşıl Kart» almaq ümükün deyil.
«Yaşıl kart»ın sahibi olan sürücünün zərərinin qarşılanmasına gəlincə, bu məbləğ hər ölkənin öz qanunvericiliyindən asılıdır.
Məsələn, Rusiyada bu məbləğ avtomobillərə dəyən zərərə görə 400 min rubl (5970 dollar), adamların sağlamlığına zərər dəyərsə 500 min rubl (və ya 7460 dollar), Türkiyədə isə 37 min lirə (və ya 6 045 dollar) təşkil edir.
Azərbaycana gələn əcnəbilərin «Yaşıl kartı» olduğu halda 5 min manata qədər dəyən ziyanları qarşılanır.