Vətəndaşlarımız yükdaşıma şirkətlərinin xidmətlərindən tez-tez istifadə edirlər. Şirkətlər, əsasən, müxtəlif yüklərin daşınması, ofislərin və evlərin köçürülməsi kimi işləri görürlər. Bəzən olur ki, yükdaşıma zamanı ani ehtiyatsızlıqdan yükə ziyan dəyir. Belə olduğu təqdirdə ziyanı kim ödəməlidir?
Eləcə də bax: Azərbaycanda hansı karqo şirkəti daha sərfəlidir? - ARAŞDIRMA
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.
Ekspert bildirib ki, bir sürücü yükdaşıma şirkətinə işə götürülərkən onların arasında müqavilə bağlanır. Sifariş verənin yükünə zərər dəyərsə, bu, şirkət tərəfindən ödənilir. Bütün bunlar müqavilədə öz əksini tapır.
"Müqavilənin şərtlərinə əsasən, yük nəqliyyat vasitəsinə yükləndikdən aparılan ünvana çatana qədər yükdaşıyanın zəmanəti altındadır. Sifarişçinin yükünə zərər dəyərsə, məsuliyyət yükdaşıyanın üzərinə düşür. Çox zaman yükdaşıyan şirkətlər yüklərini sığorta elətdirirlər. Sığorta olunmayan yüklərə belə ziyan dəyərsə, məsuliyyət daşıyıcının üzərinə düşür", - deyə Ə.Hüseynov bildirib.
Yükdaşıma şirkətlərindən isə bildiriblər ki, daşınan yük qablaşdırılıbsa və həmin yükə zərər dəyərsə, ziyan şirkət tərəfindən sığortalanır. Qablaşdırılmayan yükə ziyan dəyərsə, yükdaşıma şirkəti heç bir məsuliyyət daşımır.