Ləğv edilmiş Nəqliyyat Nazirliyinin avtomobil yolları ilə bağlı əsas səlahiyyətləri Avtomobil Yolları Dövlət Agentliyinə verilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nda dəyişiklik edib.
Beləliklə, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək. Avtomobil yollarının texniki pasportunun forması Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq və təsdiq ediləcək. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının qeydiyyatını aparacaq, bu barədə reyestrdə müvafiq qeydlər edəcək. Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının daşınmaz əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək. Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun qeydiyyata alınması üçün Avtomobil Yolları Dövlət Agentliyinə təqdim ediləcək.
Nazirlər Kabinetinin “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”na etdiyi dəyişikliyə əsasən mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.