Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yük maşınlarının hərəkəti ilə bağlı səslənən iradlara münasibət bildirib. FED.az-ın məlumatına görə,
İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, xüsusi təyinatlı, qəza-bərpa və xilasedici, kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ avtomobillər paytaxta istisnasız olaraq buraxılır.
Yol polisi bildirib ki, yük avtomobillərinin hərəkəti “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli qərarı əsasında, 2016-cı il 9 mart tarixli əlavə dəyişikliklərə uyğun təmin olunur. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən, maksimum kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilir.
Başqa sözlə, günün digər vaxtlarında yük avtomobillərinin şəhərə daxil olması Yol polisinin icazəsi ilə həyata keçirilir.
Bununla yanaşı, bu sahə ilə bağlı bəzi zəruri məsələləri qeyd etmək lazımdır.
Əvvəla, yay vaxtlarında, həm paytaxtda avtomobillərin az olduğu və nəqliyyatın hərəkətinin zəifləməsini, həm də tikinti işlərinin aktivliyini nəzərə almaqla yük avtomobillərinin şəhərə daxil olması müddətlərini artırmaq mümkündür.
İkincisi, bu sahədə şəffaflığı artırmaq üçün hərəkətinə icazə verilən avtomobillərin dövlət nömrə nişanları və sahibləri haqqında internet resurslarında zəruri məlumat yerləşdirilməlidir.
Üçuncüsü, paytaxtda hərəkətin tənzilənməsi üzrə əsas qurum olduğunu nəzərə alaraq, işin daha yaxşı koordinasiya edilməsi üçün yük avtomobillərinin fəaliyyəti ilə bağlı icazə məsələləri də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.