2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.
Bakı və Sumqayıtı birləşdirən yeni magistral inşa ediləcək - PLAN AÇIQLANDI
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
FED.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, çox müsbət haldır.
"Çünki mövcud Bakı-Sumqayıt yolunu nə qədər genişləndirsələr də, effektiv alınmır. Hazırkı yolda maşınlar Xırdalan, Masazır dairəsində və "20 yanvar" "Şamaxinka" istiqamətində tıxacda qalır. Bu da müəyyən problemlər yaradır. Bundan başqa hazırkı yolu genişləndirmək üçün bir çox söküntü işləri aparılmalıdır. Bir neçə il qabaq Bakı-Sumqayıt yolu standart məhəllə yolu kimi tikilib və gələcək perspektiv hesablanmayıb. Ona görə də yeni yol inşa edilərsə, həmin istiqamətdə olan problemlər aradan qalxacaq".
Ekspert Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılacağına da toxunub.
"Paytaxtda elə küçələr var ki, orada söküntü işləri aparmaqla həm nəqliyyatın axını, həm də piyadaların hərəkəti üçün rahat şərait yaratmaq olar. Elə küçələr və prospektlər var ki, nəqliyyat hərəkətinə ciddi problemlər var. 368,7 km çox böyük bir rəqəmdir. Bu qədər küçə-yol şəbəkəsinin qurulması nəqliyyatın düzgün idarə edilməsini tənzimləyəcək, ancaq bunu qoruyub saxlamaq lazımdır. Sonradan həmin yolların qırağında obyekt, parklanma yeri salınmasa, müsbət nəticələr gözləməyə dəyər", - deyə o qeyd edib. (Trend)