Zaqatalada yağın yağış dəmiryolunu dağıdıb və sərnişinlərin bir hissəsi mənzilbaşına avtobusla yola salınıb. Dövlət Dəmir Yollarından FED.az-a verilən məlumata görə, avqustun 11-də aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişmiş, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələmişdir.
Bununla əlaqədar olaraq, Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.
Hal-hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır. Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaqdır.
Qurumdan verilən məlumata görə 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq.
Yağış dəmiryolunu dağıdıb – SƏRNİŞİNLƏR AVTOBUSLA GEDİB
13:44
11 Avq 2018