Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər icra olunur.
Eləcə də bax: Bakıda “parklanma ödənişsizdir” - LÖVHƏLƏRİ QOYULDU - FOTOLAR
FED.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "AZƏRTAC"-a istinadən xəbər verir ki, işlərə şəhərin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.
Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zəruri olan yerlərdə yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa, mümkün ərazilərdə yolun hər iki tərəfi 2 metr olmaqla 1000 metr uzunluğunda genişləndirilib. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Bu çərçivədə prospektə 1000 poqonmetr beton səki daşı qoyulub.
Prospektdə işlər “İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib.
Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1,1 kilometr, eni 10 metr, Nizami Gəncəvi küçəsinin uzunluğu 1,6 kilometr, eni isə 12 metr təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12,5 min kvadratmetr təşkil edir.
Növbəti mərhələdə 1,5 kilometrlik Hacı Zeynalabdin Tağıyev və 1,2 kilometrlik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22,5 min kvadratmetrdir.