Azərbaycanda dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların tariflərində 10–20% arasında artım müşahidə olunur.
Bu barədə FED.AZ-a müsahibəsində “Sara Logistics” şirkətinin rəhbəri Ülvi Ocaqlı bildirib.
Onun sözlərinə görə, bahalaşma xüsusilə Orta dəhliz vasitəsilə, o cümlədən Türkmənistan və Qazaxıstandan həyata keçirilən yükdaşımalarında özünü göstərir.
“İstər Xəzər Dəniz Gəmiçiliyinin (ASCO), istərsə də Azərbaycan Dəmir Yollarının (ADY) verdiyi tariflərdə artım müşahidə olunur. Hər iki qurumun tariflərində təxminən 10–20% artım var”, – deyə şirkət rəhbəri bildirib.
Ülvi Ocaqlı qeyd edib ki, regionda baş verən müharibələr və nəqliyyat marşrutlarının bağlanması da yükdaşıma xərclərinin yüksəlməsinə səbəb olub.
Onun sözlərinə görə, geosiyasi hadisələrin təsiri nəticəsində daşımalar ən azı 10% bahalaşıb.
Şirkət rəhbəri əlavə edib ki, tarif artımları ilə yanaşı, yüklərin aşırılması, stansiya yığımları və digər əməliyyat xərclərində də yüksəlmə müşahidə olunur.
Ülvi Ocaqlı hesab edir ki, logistika xərclərinin artması idxal olunan məhsulların maya dəyərinə və nəticədə satış qiymətlərinə təsir göstərə bilər. Bununla belə, bahalaşmanın son istehlak qiymətlərinə konkret təsirini qiymətləndirmək çətindir.













