Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk dəfə olaraq “Uçuşların təhlükəsizliyi həm də təmizlikdir!” şüarı ilə FOD (Foreign Object Debris/ Kənar Əşya Qalıqları) toplama kampaniyası həyata keçirilib.
FED.az xəbər verir ki, FOD uçuş-enmə zolağlarında, sürmə yollarında və texniki xidmət sahəsində aşkar edilmiş, təyyarə üçün təhlükə yarada bilən hər hansı yad obyekt qalığıdır.
Kampaniya çərçivəsində hava limanının əməkdaşları aviasiya xidmətlərinin digər nümayəndələri ilə Bakı aeroportunun uçuş-enmə zolağının, perron və ətraf ərazilərinin təmizlənməsi üçün bir araya gəliblər.
“Bu kampaniya gündəlik fəaliyyətləri zamanı aeroport ictimaiyyəti arasında uçuşların təhlükəsizliyi baxımından və ekoloji maarifləndirmə nümunəsi olaraq son dərəcə vacibdir. Digər tərəfdən isə əməkdaşlarımız arasında uçuşların təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsinə xidmət edir”, - deyə Bakı hava limanının Uçuşların Təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların təhlükəsizliyinə və ekoloji standartların qorunmasına töhvə verəcək bu təşəbbüsü gələcəkdə də həyata keçirməyi planlaşdırır.