Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib.
Eləcə də bax: Türkiyə bu tarixdən turistlərin qəbuluna - Başlayır
FED.az xəbər verir ki, Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının inkişafı və genişləndirilməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan Türk Hava Yolları sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.
Niyazi Bayramov qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına heç şübhəsiz, böyük təsir göstərəcək.
Digər tərəfdən Azərbaycanın son illərdə turizm sahəsində əldə etdiyi irəliləyişlərin, işğaldan azad olunan torpaqlarımızda qurulacaq infrastrukturla bağlı həyata keçiriləcək işlərin də böyük əhəmiyyəti olacaqdır. Gəncənin yerləşdiyi coğrafi mövqe də bölgəyə gələcək turistlər üçün olduqca əlverişlidir. Çünki buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.
Bildirilib ki, Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.