Dünyanın aparıcı aviaşirkətləri sərnişinləri aviabiletlərin növbəti bahalaşmasına hazırlamağa başlayıb. Mart ayında İranda müharibənin başlamasından sonra aviasiya yanacağının qiymətinin yüksəlməsi hava nəqliyyatı sektorunda uzunmüddətli problemlər yaradıb. İndi isə aviaşirkət rəhbərləri hesab edirlər ki, yüksək yanacaq qiymətləri yaxın illərdə də davam edəcək.
Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib
FED.az xəbər verir ki, bu barədə Financial Times (FT) dünyanın iri aviaşirkətlərinin rəhbərlərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Portuqaliyanın TAP Air Portugal aviaşirkətinin baş direktoru Luiş Rodriqeş qarşıdakı 3–5 ilin sektor üçün çətin olacağını bildirib. Onun sözlərinə görə, sərnişin tələbatı hələ də yüksəkdir, lakin şirkətlərin bilet qiymətlərini artırmaq imkanları məhduddur.
Aviabiletlər artıq 20% bahalaşıb
İlin əvvəlindən bəri davam edən ABŞ-İran münaqişəsi regiondan qat-qat uzaq bölgələrdə də təsirini göstərir – təyyarə biletləri indiyə qədər də bahalaşıb. ABŞ-ın Delta Air Lines şirkəti oktyabr ayında açıqlayıb ki, aviabiletlərin orta qiyməti 20% artsa da, sərnişin tələbatında ciddi azalma müşahidə olunmayıb.
Bununla belə, aviaşirkətlər qiymət artımının davam edəcəyini gözləyirlər. Səbəblərdən biri yanacaq qiymətlərinin yüksəlməsindən qorunmaq üçün əvvəlcədən bağlanmış müqavilələrin müddətinin başa çatmasıdır. Məsələ bundadır ki, adətən yanacağın bahalaşması gözləniləndə, aviaşirkətlər dərhal yanacaq şirkətləri ilə böyük həcmdə müqavilə bağlayırlar ki, qiymət ucuz olsun.
İndi isə həmin müqavilələrin vaxtı başa çatmağa başlayıb və şirkətlər müqavilələri yeni qiymətlə, yəni daha bahalı qiymətlə bağlayacaqlar.
İtaliyanın ITA Airways şirkəti yanacaq böhranından əvvəl ehtiyacının təxminən 80%-ni əvvəlcədən təmin etmişdi. Lakin şirkət sonradan yeni müqavilələr bağlamayıb. Baş direktor Yorq Eberhart bildirib ki, bu səbəbdən gələn il şirkət yanacaq qiymətlərindəki dəyişikliklərə daha həssas olacaq və tarifləri artırmağa çalışacaq.
2026-cı ildə 2,3 milyard aviauçuş bron edilib
Maraqlıdır ki, qiymət artımlarına baxmayaraq, hava nəqliyyatına tələbat hələ də yüksəkdir.
OAG analitik şirkətinin məlumatına görə, 2026-cı ilin birinci yarısında dünyada 2,3 milyard sərnişin uçuşu üzrə bron qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Bununla belə, aviaşirkət rəhbərləri narahatdırlar ki, inflyasiyanın və yaşayış xərclərinin artması gələcəkdə sərnişinlərin səyahət imkanlarını məhdudlaşdıra bilər.
Cənubi Amerikanın ən böyük aviaşirkətlərindən biri olan LATAM Airlines-in baş direktoru Roberto Alvo bildirib ki, hazırda sektorun əsas problemi sərnişin çatışmazlığı deyil, xərclərin yüksəlməsidir. Onun sözlərinə görə, enerji qiymətlərinin bahalaşması bütövlükdə iqtisadiyyata mənfi təsir göstərərsə, hava nəqliyyatına tələbat da zəifləyə bilər.
Aviaşirkətlər seçim qarşısında: yeni təyyarə alaq, yoxsa süni intellektə yatırım edək
Yanacaq xərclərinin artması aviaşirkətlərin investisiya planlarına da təsir göstərir. Bəzi şirkətlər yeni təyyarələrin alınmasına və süni intellekt texnologiyalarının tətbiqinə ayrılan vəsait arasında seçim etmək məcburiyyətində qalırlar.
Lufthansa və Turkish Airlines-ə məxsus SunExpress şirkətinin nümayəndəsi Markus Şnabel bildirib ki, süni intellektin tətbiqi də əlavə investisiya tələb edir.













