Bu ilin sonuna kimi Tehran-İstanbul qatarı istismara veriləcək.
FED.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.
Eləcə də bax: Türkiyə və Azərbaycan birgə - VAQON İSTEHSAL EDƏCƏK
Ş.Adəmnejadın sözlərinə görə, bununla əlaqədar razılaşmalar əldə olunub.
Ş.Adəmnejad əlavə edib ki, Tehran-İstanbul qatarının istismara verilməsi üçün infrastruktur işlərə ehtiyac yoxdur və sadəcə bununla əlaqədar iqtisadi münasibətlər tənzimlənməlidir.
İran və Türkiyənin dəmiryol şəbəkəsinin qoşulmasına münasibət bildirən nazir müavini deyib ki, bu istiqamətdə işlər aparılır: “Son müzakirələrdə Türkiyə tərəfi 10 kilometrdən az məsafədə dəmiryolunun çəkilməsini təklif edib ki, bununla da İran və Türkiyənin dəmiryolu birləşdirilə bilər”.
Ş,Adəmnejad deyib ki, İranın Qərbi Azərbaycan vilayətinin şimalı və Türkiyənin Gürbulağı arasında dəmiryolunun birləşməsi üçün xəritədə məkan da artıq müəyyənləşib. Bununla əlaqədar tədqiqat işləri aparılacaq və 2 ay ərzində bu araşdırmalar yekunlaşaraq nəticəsi bəlli olacaq.
Nazir müavini bildirib ki, bu layihə ilə əlaqədar hər hansı dəqiq vaxt səsləndirmək çətindir. Çünki işlər texniki araşdırmalara bağlıdır.
Qeyd edək ki, bu il avqustun 7-də Tehran-Ankara qatarı istismara verilib və həftədə təxminən 250 sərnişin Ankaraya daşınır.
Trend