Misir hakimiyyəti 2023-cü ildən bütün növ gəmilərin Süveyş kanalından keçməsi üçün rüsumların 15% artacağını açıqlayıb.
FED.az xəbər verir ki, Süveyş kanalının administrasiyası gəmilərin bu su yolundan keçməsinə görə alınan rüsumları artırmaqla mənfəətinin ildə 700 milyon dollar artacağını gözləyir.
“Tranzit ödənişlərinin artırılmasından sonra kanalın gəlirlərinin ildə təxminən 700 milyon dollar artacağını gözləyirik",- Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabi CNBC Arabia telekanalına bildirib.
Usamə Rabi verdiyi açıqlamada, bazarda baş verən dəyişikliklər nəticəsində kanaldan tranzit ödənişlərinin yenidən nəzərdən keçirildiyini bildirib. Rabi, qiymət artımına qlobal tədarük zəncirindəki böhranın, daşınma üsullarında qiymət artımlarının və yüksək enerji qiymətləri kimi amillərin səbəb olduğunu bildirib.
Dünya dəniz ticarətinin 10 faizini təmin edən Süveyş kanalı Misirin əsas gəlir mənbələrindən biridir.
Süveyş Kanalı İdarəsi, iyun ayında sona çatan son maliyyə ilində gəlirinin əvvəlki illə müqayisədə 20,7% artaraq 7 milyard dollara çatdığını açıqlayıb. (Marja)