Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, yol 2 hərəkət zolağı enində genişləndirilir. Anoloji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq, tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.
Eləcə də bax: Prezident yol təmirinə pul ayırdı - SƏRƏNCAM
Magistarl yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtomobilər heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkətdə olan avtomobillərin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtomobilin fasiləsizliyini təmin edəcək.
Sözügedən hissədə yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.