İstifadəyə verildiyi gündən 2 ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna maraq artmaqda davam edir.
Eləcə də bax: Özbəkistan 2020-ci ildə BTQ ilə daşımalara başlamaq - NİYYƏTİNDƏDİR
FED.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata görə, layihənin mövcud imkanları və potensialı, bu yolla yüklərin nəqlinin əlverişliliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olub.
Məlumata əsasən, fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolunun geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçını bu yoldan istifadə etməsinə nail olub. Bu dəfə MMC Rusiyanın “Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu BTQ dəmir yolu ilə daşımağa başlayıb.
Qeyd edək ki, “Evraz” dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır.
Onu da bildirək ki, bu partiya ADY Express-in operatorluğu ilə Rusiyadan, Bakı-Tbilisi-Qars dəmir yolu ilə, Türkiyəyə göndərilən ilk dəmir məhsulları deyil. Şirkət artıq ötən ildən başlayaraq Maqnitoqorsk Metallurgiya Kombinatının (MMK) yüklərini Türkiyəyə nəql edir. Hazırda hər ay 20 min ton MMK-ya məxsus polad məhsulları Türkiyəyə daşınır. Bu rəqəmin də, yaxın bir neçə ayda, 30-40 min tona çatdırılması planlaşdırılır. Toplam, ADY Express-ni ancaq 2 bu müştərisinin, ayda 70 min ton yükü BTQ vasitəsi ilə nəql ediləcək.
Bu vaxta kimi həm Maqnitoqorsk Metallurgiya Kombinatı həm də Evraz şirkəti öz məhsulların Türkiyəyə Qara dəniz vasitəsi ilə çatdirirdı. Ancaq BTQ vasitəsi ilə yüklərin nəqli, yük sahibinə bir sıra üstünlüklər qazandırır:
• Yüklərin nəqli hava şəraitindən asılı olmur (gözləmələr olmur)
• Nəqliyyat növü dəyişmir (yüklər ancaq d/y vasitəsi ilə daşınır, vaqonlardan-gəmiyə və gəmidən vaqonlara yüklərin aşırılmasına ehtiyac qalmır. Bu isə əlavə xərc demək idi)
• Məsafə qısalır və nəticədə tranzit vaxtı azalır (yüklər daha tez ünvana çatdırılır)
Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, iri yük sahiblərini bu yolla məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur.