Hazırda Azərbaycanla Rusiya arasında yükdaşmalar bazarının 85 %-i yerli şirkətlərin payına düşür.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov Bakıda keçirilən “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan daşıyıcıları 3-cü ölkələrə də daşımalar həyata keçirir: "Məsələn, Türkiyədən Rusiyaya və yaxud Rusiyadan Almaniyaya daşımalar həyata keçirilir. Son illər xarici ölkələrlə qurulan əməkdaşlıq nəticəsində bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. 2021-ci ildə üçüncü ölkə daşımaların sayı 13 900 idisə, 2024-cü ildə bu rəqəm 45 900 olub".
Bundan başqa, AYNA rəsmisi qeyd edib ki, əgər 2021-ci ildə həmsərhəd ölkələrlə ikitərəfli yükdaşmalarda bazar payımız 39 % idisə, 2024-cü ildə bu rəqəm 49 %-ə çatıb: "Xüsusilə, Rusiya ilə ikitərəfli yükdaşmalarda mövqeyimiz güclüdür - 85 % payımız var. Türkiyə ilə əməkdaşlıqda da ciddi irəliləyişlər əldə olunub. 2021-ci ildə ikitərəfli yükdaşmalarda bazar payımız 19 % idi, lakin 2024-cü idə bu rəqəm 41 %-ə çatdırılıb. Ümumilikdə, ötən il görülən işlər nəticəsində ixrac yüklərinin 61 %-ni milli daşıyıcılar nəql edib". (Report)