Türkiyənin 50-dən çox şirkəti birləşdirən aparıcı holdinqi, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarəetməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəsi olan “Albayrak” şirkətlər qrupu Bakı Limanında regionun logistik imkanlarının genişləndirilməsində iştirak edəcək.
FED.az xəbər verir ki, bununla əlaqədar "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və “Albayrak”ın rəhbəri Ahmet Albayrak imzalayıb.
Müqaviləyə əsasən, tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yükün cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və sair bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər. Əldə edilmiş yeni razılığa görə isə “Albayrak” Bakı Limanı ilə birgə “Ro-Ro” və “Gübrə” terminallarında fəaliyyət göstərəcək.
Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədi logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaqla Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaq, cəlb edilən yükün müasir logistik həllərin də tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir. Bu əməkdaşlığın qurulması ilə Bakı Limanına daha böyük həcmdə yükün cəlb edilməsi proqnozlaşdırılır ki, bu da həm yeni iş yerlərinin yaradılması, həm də Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmağa imkan verəcək. (Report)