Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejimi mayın 4-dək uzadıldığına görə, yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər də həmin tarixədək qüvvədə saxlanılır.
Dəmir Yolundan FED.az-a verilən məlumata görə, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək - mayın 4-dək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq olunacaq.
Xatırladaq ki, karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edəcək.