Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sərəncam:
Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2019-cu il.