Belarusun paytaxtı Minskdə keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla “Özbəkistan Dəmir Yolları” arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
FED.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, müzakirələr QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” SC-nin idarə heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb.
Eləcə də bax: Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa - KONTEYNER QATARI YOLA DÜŞÜR
C.Qurbanov deyib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.
Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
“Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri X.Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.