Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekord göstəricilərə nail ola bilmişik ki, bu da genişmiqyaslı işlərin məntiqi nəticəsi idi.
Anar Rzayev: "Yeni Suraxanıdan Bakı Aeroportuna qədər dəmir yolu çəkiləcək"
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Sədr qeyd edib ki, təkcə onu qeyd etmək kifayətdir ki, avtobuslardan istifadə edənlərin sayının artması nəticəsində 2024-cü ildə Bakıda 476 milyon sərnişin daşınıb, bu da 2023-cü illə müqayisədə 28 milyon nəfər çoxdur.
"Ümumilikdə, ötən il paytaxt və şəhərətrafı qəsəbələrdə sərnişin daşınması 9% artaraq 518 milyon nəfər, “BakuBus” avtobusları üzrə isə həmin göstəricidə artım 20% və ya 148 milyon nəfər təşkil edib.
Bu, bir çox amil, o cümlədən ictimai nəqliyyat sisteminin optimallaşdırılması, paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılması, ardıcıl genişləndirilməsi və əlaqələndirilməsi nəticəsində mümkün olub. Mütəxəssislərimizin apardığı monitorinqlər göstərir ki, bu zolaqlar üzrə avtobusların orta sürəti 18 km/saatdan 22 km/saatadək artıb, bəzi küçələrdə hərəkət vaxtı 12, bəzilərində isə 22 dəqiqə azalıb. Yəni, əksər marşrutlarda intervalı xeyli qısaltmaq mümkün olub (buna görə əvvəllər bizə çoxlu şikayət daxil olurdu), sərnişinlərin sayı isə xeyli artıb. Bütün bu statistikanın arxasında çox mühüm bir amil dayanır – sərnişinlərin ictimai nəqliyyata etibarının artması", - deyə sədr qeyd edib. (Trend)