“Naxçıvana dəmiryolu xəttini tez bir zamanda açmağa çalışırıq”.
Eləcə də bax: İranla sərhədin təmin edilməsi nələri dəyişəcək?
FED.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.
“İran Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında dəmiryolu xəttinin bərpa olunması ilə Şimali Qafqaz və Avropaya yük və sərnişindaşımanı artıracaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).
28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.
Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.
Dəhlizlə ilkin olaraq il ərzində 5 mln. ton yükün daşınması, gələcəkdə isə 10 mln. tona qədər artırılması planlaşdırılır.
İran tərəfdən əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır. (Qafqazinfo)