Xəbər verdiyimiz kimi, iyunun 18-də saat Bakı-Naxçıvan istiqamətində ilk uçuşlar həyata keçiriləcək. Bilet satışının uçuşa 72 saat qalmış bağlanacağı bildirilsə də, sərnişinlər artıq bu ay baş tutacaq 6 reys üçün biletlər satıldığını bildirib. Bu isə bilet ala bilməyən çoxsaylı sərnişinlərin narazılığına səbəb olub. Hətta iyul ayı üçün uçuşların nəzərdə tutulmadığını da iddia ediblər.
Eləcə də bax: Naxçıvana həftədə iki aviareys - HƏYATA KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, qayda və tələblərə uyğun olaraq uçuşlar davamlı surətdə həyata keçiriləcək:
“Bu ay Bakı-Naxçıvan istiqamətində 6 reysin baş tutması planlaşdırılıb və hər reysə görə 100 bilet satılır. Saytda qiymət görünmürsə, bu, o deməkdir ki, artıq biletlər satılıb. İnsanlar bu halı sitemin donması kimi qəbul edib, ancaq biletlər bitdiyi üçün boş xana görünür. İyul ayında da həftədə iki dəfə olmaqla uçuşlar həyata keçiriləcək. Uçuşlar mərhələ-mərhələ baş tutur”.
Aviaşirkət sözçüsü onu da qeyd edib ki, reyslərin sayının az olmasının səbəbi AZAL-ın texniki imkanları ilə bağlı deyil:
“Bizim texniki imkanlarımız daha çox insanının daşınması üçün uyğundur. Bu, öncəki zamanlarda da belə olub. Ancaq qərara əsasən sərnişinlərin hər biri laboratoriyada test verməlidir. Bu baxımdan da texniki imkan nəyə uyğundursa, o qədər sərnişinin daşınmasına qərar verilib. Bir sözlə, reyslərin sayının az olması bizdən asılı bir hal deyil.
Məlumat üçün bildirək ki, bileti olan sərnişinlər uçuşdan öncə test verib cavabını almalıdır. Testin cavabı isə elektron biletdə qeyd olunacaq. Həmçinin, Naxçıvandan gələn sərnişinlər hava limanında tibbi müayinədən keçirildikdən sonra ev karantininə göndəriləcək. (Qafqazinfo)