Mənzil İnşaatı Dövlət Agentliyi MMC (MİDA) və ASAN 3 gün ərzində 2572 nəfərə xidmət göstərib.
Agentlikdən verilən məlumata görə, “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə 10 mart tarixindən etibarən sistemin əsas prinsipləri barədə məlumatlandırılma işi Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinə gələ bilməyən vətəndaşlara isə “108” Çağrı mərkəzi vasitəsilə xidmət göstərilir.
Müraciətlərin qəbulu işinin səmərəli təşkili məqsədilə müsabiqə əsasında seçilmiş və Agentliyin təşkil etdiyi xüsusi təlimlərdə iştirak etmiş gənc kadrlar işə cəlb olunub. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin və “ASAN xidmət”in əməkdaşlığı nəticəsində ilk 3 gün ərzində ümumilikdə 2572 vətəndaşa xidmət göstərilib.
Bunlardan 1735 nəfər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, 837 nəfər isə “108” Çağrı mərkəzinə zəng edərək güzəştli mənzilin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə edə bilib.