Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb.
FED.az xəbər verir ki, bu barədə BNA-dan bildirilib.
Agentlik bildirir ki, daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
"Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək zərurət olmadan belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə qeyd olunduğu kimi fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır".
BNA bildirir ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir: "Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər".