Rostov vilayətinin qubernatoru Vasili Qolubev martın 4-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
FED.az xəbər verir ki, “Əməkdaşlığın inkişafı üçün böyük potensialımız var. Bunun əsasını liderlərimizin - Rusiya və Azərbaycan prezidentlərinin münasibətləri təşkil edir. Artıq Rostov vilayəti və Azərbaycan Respublikası arasında əməkdaşlığa dair saziş imzalanmağa hazırdır. İndi sənəd Rusiya Federasiyası Hökumətində razılaşdırılma prosedurundan keçir. Praktik müstəvidə biz də müəyyən addımlar atmışıq və yaxın gələcəkdə Rostov-Don ilə Bakını hava əlaqələri birləşdirəcək. Birbaşa aviareyslər həftədə iki dəfə nəzərdə tutulacaq və uçuşlara artıq bu ayın sonunda start veriləcək”, - deyə V.Qolubev görüşdə bildirib.
“Azərbaycanda Rusiya Federasiyası ilə tərəfdaşlığa böyük əhəmiyyət verilir. Bizi çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri bağlayır. Dünən Rostov vilayətinin sosial-iqtisadi inkişaf göstəriciləri açıqlandı. Açığını deyim ki, onlar təsir yaradır. Digər tərəfdən, münasibətlərimizdə - hər sahədə inkişaf üçün potensial var... Xüsusilə hər iki tərəfi qane etməyən ticarət dövriyyəsinin artırılması üçün səbəblər var. Bu gün imzalanacaq sazişlər, şübhəsiz ki, buna öz töhfəsini verəcək", - deyə M.Cabbarov qeyd edib.
İqtisadiyyat naziri əlaqələrin inkişafında hər iki tərəfin böyük marağını qeyd edib və birbaşa uçuşların təşkilinin bu qarşılıqlı marağı yalnız gücləndirəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Rusiyanın "Azimut" aviaşirkəti 30 mart 2020-ci il tarixindən etibarən Rostov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.
İnterfaks