“Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən http://www.e-ipoteka.az/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb.
İpoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. Müvəkkil təşkilatlar “Azərbaycan İpoteka Fondu" ASC tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb.
Müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olur və yeni müvəkkil təşkilatlar barədə əlavə məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, hazırda AİF-in cəmi 8 müvəkkil bankı var. Bu, "AGBank", "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB", "Xalq Bank", "Kapital Bank", "NBC Bank" və "PAŞA Bank" ASC-lərdir. Yaxın vaxtlara qədər onların sayı 25 olub.
Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin sayı da 4-5 dəfə azaldılıb. Hazırda qurum 4 sığorta şirkəti - "Qala Həyat Sığorta", "Qala Sığorta", "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərlə əməkdaşlıq edir. Yalnız bu şirkətlər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya bilər.
AİF-in müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə 8 dəfə azaldılaraq 2-yə endirilib. Hazırda müvəkkil banklar ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız "Biləndər" firmasına və "MBA Ltd." MMC-yə həvalə edə bilərlər.
Güzəştli ipoteka kreditləri ilkin ödəniş 15% olmaqla illik 4%-lə 30 il müddətinə, adi ipoteka kreditləri isə 15-25% ilkin ödənişlə illik 8%-lə 25 il müddətinə verilir. Maksimal məbləğ hər ikisi üçün 100 min manatdır.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni istiqraz emissiyasının prospektinə əsasən, AİF tərəfindən dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.