Noyabrın 17-də sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı videogörüntü yayılıb.
Həmin görüntülərlə bağlı Bakı Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyi üst-üstə düşmür.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib ki, əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq, son anda dayandığını ehtimal edirlər:
“Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17 noyabr gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb).
Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən videogörüntüdən də aydın bilinir ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Videogörüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.
Agentlik rəsmisi bütün sosial şəbəkə istifadəçilərindən xahiş edib ki, rastlaşdıqları və qeydə aldıqları hadisələri ictimailəşdirməzdən əvvəl Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər:
“Dəqiqləşdirilməyən və ətraflı araşdırma aparmadan məlumatların təqdim ediməsi yanlış ictimai rəyin formalaşmasına xidmət edir”.
Bu açıqlamadan sonra isə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ərazidəki işıqforun işlədiyinə dair videogörüntü paylaşaraq, belə şərh verib:
“Məncə hər şey aydındır və heç bir şərhə ehtiyac yoxdur. Nə işığa, nə də ki, siqnala fikir verən yoxdur”.
“Nəticədə isə hərəkətdə olan qatarı günahkar çıxarmağa çalışırlar “profssorlar”, deyə o, dolayısı ilə Bakı Nəqliyyat Agentliyinin ittihamlarına cavab verib.