Bir qrup vətəndaş 2 ildən çoxdur ki, Nyu-York-Bakı istiqamətinə alınan yüzlərlə biletin ödənişlərinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən geri qaytarılmadığını bildirir.
Eləcə də bax: Azərbaycanda xaricə təyyarə biletləri bir qədər də bahalaşıb – Rəsmi
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müraciət edən şəxslər bildirib ki, koronavirus pandemiyası səbəb kimi göstərilərək sərnişinlərə ödənişin qaytarılmaması üçün müxtəlif bahanələr gətirilir: “Deyirlər ki, bir başqa istiqamətə uçuş vauçeri verə, yaxud da şirkət bütün beynəlxalq uçuşları bərpa etdikdən 60 gün sonra ödənişləri geri qaytara bilər. Biz isə bilirik ki, bu, çox absurd və gülünc yanaşmadır. Çünki dünyanın heç bir ölkəsində aviaşirkətlərdən alınan biletlərin bu şərtlərlə geri qaytarılması təklif olunmur. Aviaşirkət uçuşu ləğv edirsə, sərnişinə biletin ödənişini ən qısa zamanda, əksər hallarda 3-5 iş günü ərzində geri qaytarmalıdır”.
Vətəndaşların müraciəti ilə bağlı AZAL şirkətinə sorğu ünvanlanıb. Şirkətdən saytımıza cavab olaraq bildirilib ki, hazırda davam edən COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olduğu dövrdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın tələblərinə riayət etməklə yalnız bir sıra istiqamətlər üzrə xüsusi reyslər həyata keçirir: "Bu reyslərə Nazirlər Kabineti yanında Operativ Qərargah və digər ölkələrin aviasiya hökumətləri tərəfindən də xüsusi icazələr verilir və onlar müntəzəm uçuşlar hesab edilmir.
Daha öncə sərnişinlərə məlumat verildiyi kimi, epidemioloji vəziyyət əlverişli olduğu halda və dövlətlərarası hava nəqliyyatında məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müntəzəm uçuşlar başlanandan 60 gün sonra sərnişinlərin aviabiletlərin dəyərinin qaytarılmasına başlanacaq.
Qeyd etmək istərdik ki, hal-hazırda bütün sərnişinlər aviabiletlərini xüsusi reyslərin həyata keçirildiyi bütün istiqamətlərə çox rahatlıqla dəyişə bilirlər”.