Azərbaycanın bölgələrinə sərnişindaşıma ilə məşğul olan şirkətlərin rəhbər şəxsləri, eləcə də fərdi daşıyıcılar bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC”nin inzibati binasının qarşısına yığışıblar.
FED.az xəbər verir ki, onlar dövlət şirkətini Gürcüstan vətəndaşı olan şəxslərə Azərbaycan ərazisində qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmağa imkan yaratmaqda ittiham ediblər.
"Xaricdən avtobus alıb Azərbaycana gətiririk və gömrük rüsumlarını ödəyirik. 20 nəfərlik 1 avtobusun rüsumu 50-60 min manatdır. 20 avtobus gətirəndə dövlət büdcəsinə, təxminən, 1 mln. manat vəsait daxil olur. Bundan başqa, fərqlənmə nişanı alırıq, sadələşdirilmiş vergi ödəyicisi kimi qanuni yolla sərnişindaşıma xidməti göstəririk. Amma bu işlə Gürcüstan vətəndaşlarının da öz avtobusları ilə qeyri-qanuni şəkildə məşğul olmaları problem yaradır. Onlar heç bir vergi ödəmir və buna görə də daha ucuz xidmət göstərirlər. Bu avtobusların xidmətindən daha çox turizm sektorunda istifadə olunur. Hazırda ölkədə turizmlə bağlı əsas iş Qusarda və Qəbələdədir. Həmin ərazilərdə avtobusların 80%-dən çoxu Gürcüstan dövlət nömrə nişanlı maşınlardır. Neçə aydır ki, hər oturacağa görə dövlət büdcəsinə ödənilməli olan 3,6 manat vergini də verə bilmirik, çünki avtobuslar işləmir. Nazirliyə ərizə yazmışıq. Vəziyyət 2011-ci ildən belədir və getdikcə pisləşir", - deyə daşıyıcı şirkətlərdən birinin rəhbəri bildirib.
Etirazlara münasibət bildirən DANX-ın Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova isə bildirib ki, təmsil etdiyi qurum, eləcə də NRYTN qeyri-qanuni daşımlarla bağlı hər hansı tədbir görmək səlahiyyətində deyil: “Xarici daşıyıcılarla bağlı ölçü götürmək kimi bir səlahiyyətimiz yoxdur. Biz yalnız fərqlənmə nişanı təqdim etdiyimiz, lakin qanun pozuntusuna yol verən yerli daşıyıcılara qarşı tədbirlər görə bilirik. Qeyri-qanuni daşımalar bizi də narahat edir. Çünki söhbət qeyri-sağlam rəqabətdən gedir. Bununla bağlı aidiyyəti qurumlara təkliflər paketi göndərmişik. Ümid edirik ki, səylərimiz nəticə verəcək".