Azərbaycan tərəfi Gürcüstana məxsus olan avtobusların Bakıda və ölkənin başqa ərazilərində qanunsuz sərnişin daşımasının qarşısının alınması ilə bağlı qonşu ölkənin müvafiq qurumlarına müraciət edib.
Eləcə də bax: Azərbaycan və Gürcüstandan Türkmənistan neftinin daşınması tarifləri - MÜƏYYƏN EDİLİB
FED.az xəbər verir ki, bu məsələ Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının 17-18 fevral tarixlərində Bakı şəhərində keçirilən növbəti iclasında müzakirə edilib. Komissiyanın iclası Azərbaycan-Gürcüstan avtomobil əlaqələrinə həsr olunub.
İclasda Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstan nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycanla ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsindəki vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Həbib Həsənov bildirib ki, bəzi Gürcüstan avtobusları paytaxtda və respublikanın digər ərazilərində qeyri-qanuni sərnişin daşınması ilə məşğuldur. Xidmət rəisi bu prolemin birgə tədbirlər nəticəsində daha tez həll olunacağını bildirərək Gürcüstanın aidiyyatı qurumlarının bu məsələyə müdaxiləsini vacib sayıb.
Eyni zamanda yerli yük daşıyıcılarının həcminin Gürcüstan tərəfin daşıyıcıları ilə müqayisədə artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının 2020-ci il üçün bərabər sayda artırılması ilə bağlı təklif müzakirə edilib.
Öz növbəsində Mixeil Xmaladze bildirib ki, 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycana Gürcüstandan boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılanda hər iki ölkənin Gömrük orqanları tərəfindən eyni şərait yaradılmalıdır.
İclasda daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, nəticədə müvafiq Protokol imzalanıb.