Füzulidə yeni inşa edilən beynəlxalq hava limanı istənilən tip təyyarələri qəbul edə biləcək.
101 kilometrlik "Zəfər Yolu"nun 92 kilometri - ARTIQ HAZIRDIR
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevə Füzuli aeroportunda aparılan işlərlə tanış olarkən bildirilib.
Cəmi bir neçə aya inşa edilən hava limanının tikintisi sürəti dövlət başçısını məmnun edib. Hələ hava limanına yaxınlaşarkən İlham Əliyev bildirib ki, dünyada heç bir hava limanı bu sürətlə tikilməyib.
«Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır»-deyə prezident bildirmişdi.
Hava Limanında isə prezidentə bildirilib ki, burada baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.
Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.