Bəzi qəsəbələrdə evlərin yola yaxın tikilməsi burada iti avtobusların istifadəsinə imkan vermir. FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda avtobus nəqliyyatının vəziyyəti və bu sahədəki problemlərlə bağlı suala cavab verərkən bildirib.
«Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?» sualına cavab verərkən Vüsal Kərimli bildirib: «Son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq».
V.Kərimli bildirib ki, BNA qəsəbələrdə kiçik hablar yaratmaq istəyir: Bu kiçik habları dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək».