2025-ci ilin yanvar-may aylarında Azərbaycana idxal olunan elektromobillərin sayı və dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk 5 ayında ölkəyə 767 ədəd elektromobil idxal olunub. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 1 250 ədəd idi. Beləliklə, idxalda 483 ədəd və ya 38,6% azalma qeydə alınıb.
2025-ci ildə elektromobil idxalının dəyəri 25 milyon 762 min dollar, 2024-cü ildə isə bu məbləğ 53 milyon 500 min dollar olub. Bu da dəyər baxımından 27 milyon 738 min dollar və ya 51,8% azalma deməkdir.
Cari ildə bir elektromobilin orta idxal qiyməti 33 min 588 dollar (57 min 100 manat) təşkil edib. Bu isə ötən ilin eyni dövründəki 42 min 800 dollarla (72 min 760 manat) müqayisədə 9 min 212 dollar və ya 21,5% daha aşağıdır.