Dünyada 4-cü, Asiyada isə 1-ci olan Çinin daşımaçılıq şirkəti “COSCO Shipping Lines” bundan sonra Azərbaycanda da fəaliyyət göstərəcək.
FED.az xəbər verir ki, şirkətin yerli nümayəndəsi "İSR Holdinq" MMC-yə daxil olan "İSR DTS Azerbaijan” MMC olacaq.
Eləcə də bax: Bakı Limanı böyük həcmdə Çin yüklərini - QƏBUL ETMƏYƏ HAZIRDIR
Bu gün tərəflər arasında nümayəndəlik hüququ ilə bağlı anlaşma imzalanıb. Tədbirdə çıxış edən “ISR Holding”in vitse-prezidenti Rauf Xəlilov bildirib ki, bu gün Azərbaycan hökumətinin ölkənin tranzit potensialının reallaşdırılması ilə bağlı yürütdüyü siyasət ölkənin böyük layihələrə cəlb olunmasına imkan verir. Holdinqin layihə meneceri Cavid Axundov isə deyir ki, imzalanmış sənəd Azərbaycanın nəqliyyat habına çevrilməsinə dəstək olacaq.
“Uzunmüddətli danışıqlardan sonra daşımaçılıq sahəsində dünyanın ən iri şirkətlərindən biri olan “COSCO Shipping Lines”ın rəsmi agenti statusu əldə edə bildik. Bu, ölkə Prezidentinin həyata keçirdiyi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin daşınma və logistika sahəsində haba və yaxud mərkəzə çevrilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacaq. Burada söhbət, əsasən, dəniz və okean konteyner daşınmalarından gedir. Amma "door to door” (qapıdan qapıya) deyilən bütün xidmətlər həyata keçiriləcək”, - C.Axundov əlavə edib.
Holdinq rəsmisi əlavə edib ki, yeni şirkət vasitəsi ilə yüklər, əsasən, iki yolla daşına bilər: “İstiqamətlərdən biri dəniz vasitəsi ilə Poti limanına çatdırılmanı və oradan Gürcüstan ərazisindən keçməklə Bakı istiqamətində daşınmanı nəzərdə tutur. Daha mühüm olan ikinci istiqamət isə Çinin “bir yol, bir kəmər” təşəbbüslərini özündə əks etdirir. Çindən olan malların Qazaxıstan vasitəsi ilə Aktau – Bakı bərəsi ilə Bakıya gətirilməsi, Azərbaycandan tranzitlə keçməsidir. Yəni Çindən Avropaya, Avropadan da Çinə daşınan yüklər Azərbaycandan keçəcək. Bir sözlə, logistika sahəsində ölkəmizin rolu daha da artacaq”.
Xatırladaq ki, "COSCO Shipping Lines”la əlaqəli 291 şirkət var ki, onların 137-si Çin daxilində, 154-ü isə Çin xaricindədir. 2018-ci ilin yekununda daşımaçılıq nəhənginin ümumilikdə 376 konteyner gəmisi olub. Şirkət 100 ölkəni, 326 limanı, 362 beynəlxalq və yerli nəqliyyat xəttini əhatə edən 228 beynəlxalq və 47 yerli xidmətə malikdir.
Report