Bakı Expo Mərkəzində keçiriləcək "RecExpo II" sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.
Bu barədə noyabrın 22-24-də keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov bildirib. O qeyd edib ki, sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq və Şimali Kipr kimi 9 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.
Sərgi çərçivəsində noyabrın 23-də "Daşınmaz əmlak sektorunda investisiyalar" mövzusunda konfransın da keçirilməsi nəzərdə tutulub.