Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib. Tapşırılıb ki, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılsın, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılsın.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, məqsəd xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda, rahat çatmasını təmin etməkdir.
Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə işıqforlarda “yaşıl dalğa” tətbiq olunacaq.
Nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmaları, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmələri tövsiyə edilir. Övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmamaları xahiş olunur.
Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa gətirib çıxarır. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Qeyd edilənləri nəzərə alaraq vətəndaşlar mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırılır.
Azərtac