«Azərbaycan Dəmir Yolları» QSC İsveçrənin «Stadler» markalı qatarlarının qiyməti ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
FED.az xatırladır ki, «Azərbaycan Dəmir Yolları» QSC yaxın günlərdə İsveçrənin «Stadler» markalı iki müasir sərnişin qatarını alıb. Müxtəlif dövrlərdə alınmış Stadler qatarları ilə bağlı Belarus tərəfinin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatlarında qatarların məbləği ilə əlaqədar ziddiyyətli məlumatlar səslənir.
Eləcə də bax: Bakıya yeni ikimərtəbəli - QATARLAR GƏTİRİLİB
Mətbuatda bununla bağlı yayılan məlumatlara görə, Belarus tərəfi həmin qatarlara görə, 23 milyon 515,6 min dollar ödənildiyini göstərdiyi halda, Dövlət Gömrük Komitəsinin məlumatlarında bu məbləğ 30 milyon 384,6 min dollar göstərilib. Məlumatı yayan media qurumları bu iki göstərici arasında 6 milyon 869 min dollarlıq fərqin hansı səbəbdən yarandığını müzakirə edir.
«Azərbaycan Dəmir Yolları» QSC-dan FED.az-a bildirilib ki, «Azərbaycan Dəmir Yolları» QSC İsveçrə istehsalı olan «Stadler» markalı müasir sərnişin qatarlarının alınması üçün İsveçrənin «Stadler» şirkəti ilə razılaşma əldə edib.
Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil etdiyindən, İsveçrənin “Stadler” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda istehsal olunur.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilən məlumata görə, qatarların müxtəlif mənbələrdən açıqlanan qiymətləri arasında fərqin yaranmasının səbəbi bundan qaynaqlanır: «Belarus tərəfinin açıqladığı rəqəmlər həmin qatarların yalnız zavodda yığılmasına görə nəzərdə tutulan məbləği ehtiva edir. Yekunda isə alınan qatarların ölkəmizdə səmərəli istismarını təmin etmək üçün qiymətin üzərinə «Stadler» şirkəti tərəfindən göstərilən xidmətlərin və əldə etdiyi mənfəətin xərcləri də əlavə olunur. Daha sadə desək, Azərbaycan tərəfi qatarın fiziki istehsal dəyərini deyil, ona tələb olunan xidmətər, quraşdırılan əlavə cihaz və qurğular, qatarların idarəetməsindən istifadə olunan proqram təminatı, mütəmadi texniki baxış, cari təmir, zəmanət, əqli mülkiyyət hüquqları, eləcə də şirkətin mənfəəti ilə bağlı xərcləri ödəyir. Bütün bu xərcləri ümumiləşdiriləndə isə qatarların alınması üçün yekun məbləğ formalaşır ki, bu məbləğin bir hissəsi Belarusiyada yerləşən zavoda, digər hissəsi isə İsveçrədəki baş ofisə ödənilir».
«Bəzi media nümayəndələrinə tövsiyə edilir ki, belə hallarda «Azərbaycan Dəmir Yolları» QSC-yə müraciət edərək rəqəmləri bir daha dəqiqləşdirib düzgünlüyünə əmin olsunlar, daha sonra isə əsaslandırılmış məlumatı ictimaiyyətə təqdim etsinlər»-deyə «Azərbaycan Dəmir Yolları» QSC tərəfindən bildirilib.