Yeni Salyan yolu ətrafında yaşayan sakinlərin ictimai nəqliyyat problemi həll edilib.
FED.az Bakı Nəqliyyat Agentliyindən "AZƏRTAC"-a verilən məlumata istinadən xəbər verir ki, Bibiheybət yolunda baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.
Dəyişikliyə əsasən, 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (“Jurnalistlər binası” istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.
Şəhər mərkəzindən Yeni Salyan yolu (“Jurnalistlər binası” istiqamətində) gələn sərnişinlər də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.