Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1 milyon 619,7 min olub.
FED.az Trend-ə istinadən xəbər verir ki, xətaların 50,3 faizi yolda müəyyən edilmiş sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimə tətbiq edilib.