Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
FED.az xəbər verir ki, anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.
Eləcə də bax: Bakı-Sumqayıt yolunda hərəkət - MƏHDUDLAŞDIRILIB
Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdirilib.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.