Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə bağlı müraciət yayıblar.
Eləcə də bax: “Bakıda son illər görmədiyimiz tıxaclar olacaq...”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tələbələr “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildiriblər. Tələbələr universitetə şəxsi avtomobillə gələn şəxslərin də yolda edilmiş dəyişikliyə görə 7-8 kilometr əlavə yol qət etməli olduğunu və bunun da əlavə vaxt itkisinə səbəb olduğunu qeyd ediblər.
Məsələ ilə bağlı 199 saylı marşrut xəttini istismar edən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən marşrut xəttinin dövlət tərəfindən təsdiq edilmiş hərəkət trayektoriyasına müdaxilə edilib. Şirkətin şöbə müdiri Afis Mikayılov qeyd edib ki, dairənin birdəfəlik bağlanması ilə bağlı onlara hər hansı qurum tərəfindən əvvəlcədən məlumat verilməyib: “Çox təəssüf ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd edilən dairədə marşrut xəttinin keçməsi nəzərə alınmadan və ərazidə avtobusların hərəkət üstünlüyü ilə bağlı nişan quraşdırılmadan yol tam bağlanıb. Bu da 199 saylı marşrut xətti üzrə avtobusların Sumqayıt şəhəri istiqamətinə əlavə olaraq 6-7 kilometr əlavə yol gedib yenidən geri qayıtması deməkdir. Nəticədə hər gün minlərlə sərnişin əziyyət çəkir. Həmçinin müntəzəm marşrut xəttinin fəaliyyəti pozulur. Qeyd edilən ərazidə hansı səbəbdən belə bir işin görülməsi, marşrut xəttinin fəaliyyətinin qəsdən pozulması anlaşılan deyil. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə müdaxilə edəcəklər. Onsuz da ictimai nəqliyyatın fəaliyyətinə dəstək olan tədbirlər yox dərəcəsindədir, bu formada süni maneələrin də yaradılması əhalinin ictimai nəqliyyata inamını azaldır”.
Şirkətdən həmçinin bildirilib ki, BMU-nun qarşısına gedən yolun yenidən açılmaması təqdirdə marşrut xəttinin “Riyad” ticarət mərkəzindən geri qayıtması nəzərdən keçirilir. Qeyd edilən dairənin ləğv edilməsi 20 min nəfərə yaxın sakinin yaşadığı Masazır və Abşeron gənclər şəhərciklərinin və ətraf ərazilərdə yaşayan insanların da böyük problemlə qarşılaşmasına səbəb olub.
Gənclər şəhərciyində yaşayan Kərəm Süleymanov bildirib ki, dairənin ləğv edilməsi səbəbindən hər gün əlavə 10 kilometr yol getməyə məcbur olurlar: “Keçmiş Qafqaz Universitetindən üzü şəhərə qayıtmaq üçün dairə var idi. Bunu hansısa ağıllı ləğv edib. İndi Masazır və 15 min sakini olan Gənclər şəhərciyi sakinləri şəhərə gəlmək üçün ya Saray postuna getməli və ya yeni Saray-Novxanı yollundan istifadə etməlidir. Zatən şəhərə gəlməyə görə yolumuzu uzadırdıq, hazırda bu yol 9 km yaxın artıb. Məqsəd nədir? Səbəb nədir? Səriştəsizliyə görə xalqı bu qədər incitmək olar?”
BMU-nun tələbələri problemin həll edilməməsi təqdirdə aksiya keçirəcəklərini, ərazidə yolu bağlayacaqlarını qeyd ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin ərazidə hərəkət istiqamətinin dəyişdirilməsi Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə baş tutub.