İyulun 3-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
O bildirib ki, Astara-Horadiz-Bakı sərnişin qatarı Bakı sərnişin stansiyasına vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı isə bir saat yarım gecikmə ilə çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.
Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.