Bu gün “Xaliq Faiqoğlu” sərnişindaşıma şirkətinə məxsus Yasamal Təmir Mərkəzində Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə sürücülərlə görüş keçirilib.
Şirkətin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, kütləvi informaiya vasitələrinin də iştirak etdiyi tədbir BNA-nin son dövrlərdə sərnişindaşıma sahəsində gördüyü işlər, tətbiq edilən yeniliklər, intellektual kamera sisteminin sərnişindaşıma sahəsinə təsirlərinin müzakirəsinə həsr edilib.
Tədbirdə çıxış edən “Xaliq Faiqoğlu” MMC-nin baş direktoru Faiq Seyidov son vaxtlar Bakı şəhərinin yollarında avtobusların hərəkətinin təşkilində müsbət dinamikanın müşahidə edildiyini deyib: “Şirkətimiz hər zaman nümunəvi xidməti ilə seçilmişdir və qarşıya qoyulan əsas məqsəd vətəndaşların, yəni hər gün xidmətimizdən istifadə edən onminlərlə insanın məmnuniyyətini təmin etmək olmuşdur. Bununla bərabər zaman-zaman şəhər yollarında parklanma qaydalarına əməl edilməməsi, avtobus dayanacaqlarının minik avtomobilləri tərəfindən zəbt edilməsi avtobusların intervalının pozulmasına, dayanacağa daxil olub-çıxmaqda çətinliklərə və sair kimi narahatlıqlara səbəb olurdu. Bu da öz növbəsində sərnişinlərn haqlı narazılığına səbəb olurdu. Müşahidələrimiz göstərir ki, son dövrlərdə qeyd etdiyimiz problemlərin həllində ciddi irəliləyişlər var. Bakı Nəqliyyat Agentliyinin tətbiq etdiyi yeniliklər, intellektual kamera sistemlərinin quraşdırılması yollarda vəziyyətin xeyli yaxşılaşmasına səbəb olub. Bununla əlaqədar başda Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli olmaqla qurumun rəhbərliyinə öz adımdan və şirkətimizin bütün əməkdaşları adından təşəkkür edirəm”.
Daha sonra çıxış edən Bakı Nəqliyyat Agentliyinin idarə heytinin sədrinin müşaviri Mübariz Abbasov ilk olaraq bu tipli görüşün “Xaliq Faiqoğlu” şirkətində keçirilməsinin təsadüfi olmadığını deyib: “ “Xaliq Faiqoğlu” şirkəti özəl investisiya ilə uğurlu iş qurmuş, nümunəvi fəaliyyət götərən özəl daşıyıcıdır. Biz bunu yüksək qiymətləndiririk. Bakı Nəqliyyat Agentliyi iş başında olarkən siqaret çəkən avtobus sürücüləri ilə bağlı yeni kampaniyaya başlayıb. Bizdə olan məlumata görə, bu şirkətdə həmin hallar mövcud deyil. Bununla belə bütün sürücülərə tövsiyə etmək istəyərdim ki, bu şərəfli və ağır işdə maksimum dərəcədə diqqətli olsunlar. Hər bir sürücü işlədiyi şirkətin simasıdır. Hər birinizə uğur arzulayıram”.
Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma Fəaliyyətinin Tənzimlənməsi şöbəsinin müdiri Orxan Süleymanov da “Xaliq Faiqoğlu” MMC-nin sürücülərinin fəaliyyətinin nümunəvi şəkildə təşkil edildiyini bildirib: “Mən bir aydan çox müddətdə sizin avtobusları, sürücləri izləmişəm və demək olar ki, hər hansı neqativ hala rast gəlməmişəm. Bu gün daşıyıcı şirkətin fəaliyyətini nümunəvi formada təşkil etməsi, sürücülərin səliqə-səhmanlı işə çıxıb, sərnişinləri rahat formada mənzil başına çatdırması bizi sevindirir. Gələcək fəaliyyətinizdə də daşıdığınız sərnişinlərin təhlükəsizliyini ən vacib amil kimi yaddaşda saxlamağınızı tövsiyə edirəm”.
Daha sonra çıxış edən “Xaliq Faiqoğlu” MMC-nin struktur bölmə rəhbərləri və BNA nümayəndələri görülən işlər, həyata keçirilən yeni layihələr, sürücü-sərnişin münasibətləri və sair mövzular ətrafında fikirlərini bildiriblər.