Dekabrın 31-də Bibiheybət yolunda birtərəfli olaraq şəhər istiqamətində hərəkət bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FED.az-a bildirilib ki, müvəqqəti olaraq eni 2 hərəkət zolağı olan yolda hərəkətin bərpası üçün ərazidə “Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib. Daha sonra yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.
Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hazırda 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.
Hərəkətin normal təşkili üçün yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb, yol kənarına dəmir-beton təhlükəsizlik sədləri düzülüb.
Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı bəmorta hissəsində svay əsaslı istinad divarları inşa olunur, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur.
İşlərin 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.