2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,49 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur. AZAL-dan FED.az-a verilən məlumata görə, bu dövrdə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 512 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 345 min sərnişin düşüb.
İlin əvvəlindən etibarən 3 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,5 faizi isə “Buta Airways”in payına düşmüşdür.
Sentyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “Iraqi Airways”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Onlar ümumilikdə 143 min sərnişinə xidmət göstərmişdir.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Antalya və Tel-Əviv daxildir. Bu istiqamətlərə 247 min sərnişin uçmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.