Bu gün AZAL prezidenti Cahangir Əsgərov KPMG Azerbaijan şirkətinin nümayəndələri – baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.
ELƏCƏ DƏ BAX: "Görünür, Mərkəzi Bank sabitliyə tam əmin deyil"
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında “Open Skies” müqaviləsinin təfərrüatları olub.
Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.
Cahangir Əsgərov görüşdə bildirib ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:
“Belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə “Open Skies” müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir”.
AZAL prezidenti deyib ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, xarici aviaşirkətlərə beşinci (Bakıdan keçərək tranzit), hətta ən yüksək səkkizinci (ölkə daxilində reyslər yerinə yetirmək hüququ) hava sərbəstliyi hüququ verir: “Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, biz hava daşımaları bazarımızdakı bütün yeni aviadaşıyıcıları salamlayırıq”.
KPMG şirkətinin baş meneceri Fərid Baxşıyev isə bildirib ki, “Open Skies” müqaviləsinin aviasiya sənayesinə təsirinin müəyyənləşdirilməsi üzrə beynəlxalq təcrübənin geniş təhlili aparılıb, bu layihənin mümkün nəticələrinin yumşaldılması üçün təlimatlar, habelə yol xəritəsi hazırlanıb. Onun sözlərinə görə, bu gün AZAL aviaşirkəti innovasiya, texnologiya və beynəlxalq standartların tətbiqi sahəsində böyük nailiyyətlər əldə edib və mülki aviasiya Azərbaycanın qeyri-neft sektorunun əsas seqmentlərindən biri sayılır.
Görüşdə qeyd olunub ki, “Open Skies” müqaviləsinin imzalanmaya hərtərəfli hazırlanması və ratifikasiya olunması üçün Avropa ölkələrinə 10 ilə yaxın müddət lazım olub.
Danışıqların yekunlarına əsasən tərəflər KPMG şirkəti tərəfindən hazırlanmış yol xəritəsinin tətbiqi üzərində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Həmçinin risk menecmenti, investisiya strategiyası, müəssisələrin kapitallaşmasının qiymətləndirilməsi sahəsində KPMG şirkəti ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. 2018-ci ilin doqquz ayı ərzində paytaxtın hava limanı 3,49 milyon sərnişinə xidmət göstərib (ötən ilin analoji göstəricisindən 10% çoxdur). Yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon sərnişinədək yüksəldilməsi prioritet vəzifələrdən biridir.
KPMG audit və konsaltinq sahəsində peşəkar xidmətlər göstərən və “Böyük Dördlüy”ə daxil olan dünyanın ən böyük şəbəkələrindən biridir. KPMG-nin 155 ölkədə nümayəndəlikləri mövcuddur və 150 mindən çox əməkdaşı vardır.
"Bakıya kim istəsə uça bilər" - MƏHDUDİYYƏT YOXDUR
20:33
6 Noy 2018