Bakı şəhəri və onun qəsəbələrinin yollarında vətəndaşların rahat gediş-gəlişini təmin edilməsiistiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işləri aparılır.
FED.az xəbər verir ki, 2 km uzunluğunda olan Gürgən qəsəbəsinin və 1.5 km uzunluğa malik “Qoşa Qışlaq” yaşayış massivinin yolları 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edir.
Sözügedən yollar uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün payız-qış aylarında hərəkətdə problemlərə səbəb olurdu.
Layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün yollar boyu köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.
Torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası işlərinə başlanılıb. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa edilir.
Eləcə də bax: Bakıda 3 prospekti birləşdirəcək yeni yol çəkilir - İLK DƏFƏ
Yol əsası hazır olan hissələrə hazırda əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri Gügən qəsəbəsinin yollarının 14 min kv.m-lik ərazisini əhatə edir.
Layihənin sonuncu mərhələsində “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün isə zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləndən sonra yol vətəndaşların istifadəsinə veriləcək.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, Gürgən qəsəbəsinin və “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.