Gələn ilin birinci yarısına qədər “BakıKart”lara onlayn qaydada pul yükləmək mümkün olacaq.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.
Eləcə də bax: İlin sonunadək Bakıda bütün avtobuslar - KART SİSTEMİNƏ KEÇİRİLƏCƏK
O bildirib ki, paytaxtda bütün marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların kart sisteminə keçidi ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Bu məsələdə gecikməyə səbəb avtobusların yenilənməsi idi. İlin sonunadək paytaxtdakı bütün avtobusların “BakıKart” sisteminə keçməsi daha çox vətəndaşın “BakıKart”dan istifadə etməsi deməkdir. Daha çox vətəndaşın tezliklə “BakıKart”dan istifadə edəcəyini nəzərə alaraq onların rahatlığı üçün onlayn sistemə keçidlə bağlı işlər görüləcək. Hazırda bu istiqamətdə texniki addımlar atılır. İnternet olan hər yerdə kartların onlayn qaydada yüklənməsi təmin ediləcək”.